Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin məhkəmə işi rejimin Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsinin 2-ci şöbəsinə göndərilib.
Əmir Səttari rejim tərəfindən şərlənərək, Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa sövq etməkdə ittiham edilmişdi. Həmin saxta ittihama görə azərbaycanlı fəal 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib. Fəala qarşı həbs cəzasının 50 günü iki il müddətə təxirə salınıb.
Əmir Səttari bu ilin iyul ayının 21-də İran təhlükəsizlik qüvvələri tərəfindən tutularaq ETTELAAT-ın təcridxanasına salınmışdı.
Azərbaycan fəal avqustun 11-də Təbrizin mərkəzi həbsxanasına köçürülmüş və avqustun 15-də girov qarşılığında zaminə buraxılmışdı.
O, bundan əvvəl də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, həbs və təzyiqlərə məruz qalıb. Milli fəal hazırda 3 illik şərti həbs cəzasını çəkir.
Qeyd edək ki, Əmir Səttari 2017-ci ildə mədəni fəaliyyətlərinə görə 5 il həbs cəzasına məhkum edilmiş və 5 il həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Qərarlarının İcrası İdarəsi onun barəsində yeni qərar çıxarmışdı. Həmin qərara əsasən, onun qalan 3 illik həbs müddəti şərti həbs cəzası ilə əvəzlənmişdi.