Onun adının “Sevgi” olmasına görə sənəd verilmirdi.
Təbriz Turan TV xəbər verir ki, İran Qeydiyyat İdarəsi təbrizli uşağa adının “Sevgi” olduğu üçün şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsindən 15 ay sonra keçməsinə baxmayaraq, azərbaycanlı valideynlərin mübarizəsi nəticəsində “Sevgi” adı ilə sənəd almaq mümkün olub.
“Sevgi”nin anası Rəna Balar bu barədə özünün sosial media hesabında paylaşım edib.
Bundan öncə Sevginin atası sosial mediada paylaşımlar edərək məsələni ictimailəşdirib və Qeydiyyat İdarəsinin türk adına şəxsiyyət vəsiqəsi verməməsinə etiraz etmişdi.
Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.
“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.
İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.
Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.
