Təbrizin Maralan məhəlləsində yerləşən və Məşrutə hərəkatının qəhrəmanlarından biri, Səttarxanın silahdaşı və “Salari Milli” ləqəbi ilə tanınan Bağırxanın evi yox olmaq üzrədir
Məsələ ilə bağlı məsuliyyət daşıyan Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı ilə Təbriz bələdiyyəsi məsuliyyəti bir-birlərinin üzərinə atır.
Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Əhməd Həmzəzadə binanln 2020-ci ildə milli əsərlər siyahısına salındığını, lakin tikilinin bərpası və qorunması üçün vəsait ayrılmadığını bildirib.
Onun sözlərinə görə, tarixi ev işbazlar tərəfindən talanıb, dirəkləri, kərpicləri və qapı-pəncərəsi sökülərək aparılıb.
“Bağırxanın evinin bu duruma düşməsinə göz yummaq insafsızlıqdır. Bir sıra məsullar hələ də özlərini görməzliyə vurublar.
Bu ev əgər İsfahan, Şiraz və ya Tehranda olsaydı ona qarşı belə laqeyd yanaşıla bilərdilərmi?”-deyə, “Bağırxanın evi”nin vərəsələrindən biri olan Mehrdad Əlizadə Behdaşt Azərbaycan abidələri və şəxsiyyətlərinə ögey münasibəti tənqid edib.
“Tehran, Şiraz və İsfahan şəhərlərində heç bir tarixi dəyəri olmayan və tikinti tarixi 50 ildən o yana keçməyən evlərin qorunması üçün külli məbləğdə vəsait ayrıldığı halda Qacarlar dönəminin memarlıq abidələrindən sayılan “Bağırxanın evi” qarşı belə münasibəti qəbuledilməzdir”-deyə, o, bildirib.
Mehrdad Əlizadə Behdaşt mediaya verdiyi açıqlamada bildirib ki, bir sıra şəxslər tarixi evin içində qazıntılar aparıb, orada xəzinə axtarışı ilə məşğul olub və tikilinin dahada çox dağılmasına səbəb olublar.
Vərəsə hətta evin tikintisində istifadə olunan materialların sökülüb aparıldığını, hazırda tarixi abidənin narkomanların toplaşdığı yerə çevrildiyini və ətraf bölgələrin tullantılarının bura boşaldıldığını söyləyib.
Məsələ ilə bağlı açıqlama verən Təbriz bələdiyyəsinin başçısı Abbas Rəncbər problemin həllinin yalnız onların səlahiyyətində olmadığını deyib. Onun fikrincə, evin hüquqi və vərəsə problemləri var.
Qeyd edək ki, bundan öncə “Bağır xanın evi”nin durumu ilə məsələ qaldırılsa da hər hansı addım atılmayıb.
Əlaqədar məsul və idarələrin laqeydliyi nəticəsində evin çox hissəsi dağıdılıb, dəfələrlə yandırılan ev artıq xarabalığa çevrilib.




