İnsan Haqları Təşkilatı 2017-ci ilin dekabr etirazları zamanı həbs olunan siyasi məhbus Mehdi Salehinin İsfahan zindanında ölümü ilə bağlı beynəlxalq fakt araşdırıcı missiyanın formalaşdırılmasını və İran rəsmilərinin hesabat verməsini istəyir.
Təbriz Turan TV xəbər verir ki, qurum Salehinin ailəsinə yaxın şəxslərdən birinə istinadən yazıb ki, zindan məmurları siyasi məhbusun cəsədini təhvil verməkdən imtina edib.
Bundan başqa məhbusun qohumlarının dəfn mərasimində iştirakına icazə verməyib.
Sadəcə ailə üzvlərinin dəfn mərasimində iştirak edə biləcəyini deyiblər və Salehinin cənazəsi mülki geyimli şəxslər və bir neçə silahlı əsgərin iştirakı ilə dəfn edilib.
Təşkilatın bildirdiyinə görə, təhlükəsizlik məmurları Salehinin ailəsinə deyiblər ki, bu barədə heç bir mediaya məlumat verməsinlər, əks halda ailə üzvlərinin hamısını Salehi kimi zindana salacaqlar.
Siyasi məhbusun kamera yoldaşlarının dediyinə görə, edama məhkum olunmuş Mehdi Salehinin ağır xəstə olmasına baxmayaraq təhlükəsizlik idarəsi və zindan rəhbərliyinin göstərişi ilə onun müayinə və müalicə olunmasına imkan verilməyib.
Məhbuslar siyasi məhbusun ölümündən bir neçə gün öncə ona tərkibi bilinməyən iynə vurulduğu üçün komaya düşən Salehinin müalicəsi ilə bağlı müraciələrə zindanın tibb işçilərinin əhəmiyyət vermədiklərini, bilərəkdən onun ölməsinə şərayit yaratdıqlarını deyirlər.