Faiq Ələkbərli: “Artıq erməni əsilli tarixçilər “Böyük Ermənistan” cəfəngiyatının əleyhinə çıxmağa və bunun erməni xalqı üçün ziyanlı bir məsələ olduğunu etiraf etməyə başlayıblar”
Erməni əsilli rusiyalı alim və tarixçi Filip Ekozyans ermənilərin Ərzurumla bağlı iddialarını lağa qoyub. O bu barədə sosial şəbəkə hesabında yazıb.
“Vikipediyanı açdım. “Ərzurum tarixi Qərbi Ermənistan şəhəridir…” yazısını gördüm. Absurdun dərəcəsinə baxın! Elədirsə, italyan vikipediyasında “Paris tarixi Şimali İtaliyanın şəhəridir!; monqol resursunda “Moskva tarixi Qərbi Monqolustan şəhəridir”; almanlarınkında “Roma tarixi Qərbi Almaniyanın şəhəridir”; iranlılarınkında “Tiflis, İrəvan, İstanbul tarixi Qərbi İran şəhərləridir” yazılsın! Qardaşlar, niyə bu cür cəfəngiyatları yazmağa utanmırıq? Bunu oxuyarkən belə xəcalət çəkirəm” deyə Filip Ekozyans bildirib.
- “Ermənilərin əsassız ərazi iddiaları görün hansı həddə çatıb ki, bu həyasızlıqdan…”
F.Ekozyansın erməni xislətini ifşa etdiyini və bu toplumun əsassız ərazi iddialarının onu gülünc gününə qoyduğunu deyən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstititunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, siyasi şərhçi Faiq Ələkbərlinin sözlərinə görə, ermənilərin bu şəkildə lağ obyektinə çevrilməsi onlara bir dərs olmalıdır. “Şübhəsiz ki, bu cür açıqlamalar təsadüfi deyil, ayrı-ayrı vaxtlarda ermənilərin öz içlərindən çıxan bəzi tarixçilər və elm adamları bu cür fikirlər səsləndirib. Onların bu cür açıqlamalar verməsi onu göstərir ki, ermənilərin əsassız ərazi iddiaları bəzi erməni əsilli alimlərinin özündə belə artıq ikrah hissi doğurur. Ermənilərin bu məsələdə ifrata varması, qonşu dövlətlərin ərazilərinə əsassız və heç bir dəlil olmadan iddialar irəli sürməsi qəbuledilməz bit hala gəlib. Bu baxımdan erməni əsilli Rusiya alimi və tarixçisi Filip Ekozyansın belə bir fikirlər səsləndirməsi təsadüfi deyil. Bu onu göstərir ki, Türkiyəyə, Azərbayana, yaxud da başqa ölkələrə qarşı ərazi iddiaları nəinki bu dövlətləri, eləcə də ermənilərin özlərini ciddi narahat edir və məyusluq doğurur. Bu baxımdan, Türkiyənin və Azərbaycanın rəhbərliyi, elm adamları tərəfindən ermənilərin bu cür uydurmalarına, böhtanlarına tutarlı cavablar verilib. Hətta Türkiyə dəfələrlə arxivlərin açılması və bir çox məsələlərə aydınlıq gətyiriməsini də təklif etmişdi. Əslində Rusiyanın, Gürcüstanın, Ermənistanın öz arxivləri də ermənilərin əleyhinə işləyir. Yəni onların Azərbaycan, Gürcüstan, Türkiyə və hətta Rusiyanın əraziləri və sair əsasında uydurduqları “Böyük Ermənistan” xülyaları, uydurmaları da artıq birmənalı şəkildə qəbuledilməz hala gəlib. Görünür, erməni əsilli tarixçilərin arasında da az da olsun obyektiv olanları var və bu əsassız iddiaların ermənilərin özləri üçün zərərli olduğunu görürlər” .
F.Ələkbərli hesab edir ki, bu zərər yalnız Azərbaycana, Gürcüstana, Türkiyəyə, hətta Rusiya Federasiyasına deyil, eyni zamanda ermənilərin özlərinə də çox ciddi problemlər yaradır. “Ermənistanda ermənilərin normal yaşaması və gələcə baxışlarının normal şəkildə olmasını məhdudlaşdırır. Yəni ifrat milliyyətçilik, ifrat şovinizm, başqa xalqlara qarşı irçilik və torpaq iddiaları Ermənistanın, erməni xalqının özü üçün də çox ciddi təhlükəli məsələlərdir. Mənə elə gəlir ki, bu anlamda məhz Avropada, yaxud Rusiyada yaşamasından asılı olmayaraq, erməni əsilli bəzi tarixçilərin zaman-zaman qondarma “Böyük Ermənistan” məsələsinin cəfəngiyyat olduğunu etiraf etməsi çox mühüm haldır. Bu onu göstərir ki, artıq erməni əsilli tarixçilər “Böyük Ermənistan” cəfəngiyatının əleyhinə çıxmağa və bunun erməni xalqı üçün ziyanlı bir məsələ olduğunu etiraf etməyə başlayıblar. Ermənilərin əsassız ərazi iddiaları görün hansı həddə çatıb ki, bu həyasızlıqdan erməni alimlərin özləri narahat olurlar. Əlbəttə, bu cəfəngiyyatlara son qoymaq üçün Ermənistandan və haylardan sui-sitifadə edən Qərb dünyası da, Avropa dövlətləri də, bəzi qüvvələr də geri addım atmalıdır. Çünki ermənilərin beynindəki “torpaqlarımız Ərzuruma, Xəzər dənizinə, Tiflisə, Krasnodara, Krıma qədər gedib çıxır” kimi yalan və saxtakar iddiaların genişləndirilməsində Avropa və müəyyən Qərb dövlətləri də çox təəssüf ki, maraqlı olub. Mənə elə gəlir ki, bunlara son vermək üçün onların da ermənilərin bu cür uydurma və böhtanları dəstəkləmədən əl çəkməsi lazımdır. Yeni dövrdə bu cür cəfgəngiyatla yaşamaq mümkün deyil və bunu azdan-çoxdan obyektiv olan erməni əsilli tarixçilər, etnoqraflar da anlayır. Get-gedə bu daha da güclənəcək və Ermənistan bu cəfgəngiyatlardan, uydurmalardan əl çəkib mövcud ərazisi ilə kifayətlənəcək. Ancaq bunu etməyəcəksə, bu əsassız iddialar onun bir dövlət kimi varlığına son qoyacaq”- deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA