
Qərbi Azərbaycanın 5 şəhərində şiddətli quraqlıq sürür. Bu barədə Qərbi Azərbaycan əyalətinin Meteorologiya İdarəsinin başçısı Həbib Əbdüli məlumat verib.
Həbib Əbdüli ötən ilin oxşar dövrünə nisbətdə yağıntılarının 32% azalması səbəbindən əyalətin 5 şəhərində şiddətli quraqlıq şəraitinin hökm sürdüyünü deyib.
Onun sözlərinə görə, ötən yağış ilində əyalətə düşən yağıntı miqdarı 257.8 mm olaraq qeydə alınıb və bu uzun müddətli müqayisədə 35% azalma deməkdir.
Əbdüli cari yağış ilində Qərbi Azərbaycan əyalətinə 38.77 mm yağış yağdığını, bunun ötən ilin eyni dövrü ilə müqayisədə 11%, uzun müddətli müqayisədə isə 22% azaldığını qeyd edib.
Meteorologiya İdarəsinin başçısı hal-hazırda əyalətin Çaypara, Şot, Poldəşt, Bukan və Soyuqbulaq şəhərlərinin quraqlıqdan ən çox əziyyət çəkdiklərini bildirib.