Qəzvin əyalətində məktəb binaları çatışmır. Hökumət, Təhsil Nazirliyi problemin həllini yerli iş adamları və xeyriyyəçilərin üzərinə atır.
Qəzvin əyalətinin Məktəblərin təmiri və texniki Təchizi İdarəsinin başçısı Əsgərəli Cavanbəxtin verdiyi məlumata görə, Qəzvində, özəlliklə ucqar bölgələrdə məktəb çatışmazlığının aradan qaldırılması üçün yerli xeyriyyəçilər daha 42 milyard tümən vəsait ayırıblar.
Onun dediyinə görə, 70 dərs otağından ibarət olan 18 məktəbin tikintisi ilə bağlı başçılıq etdiyi idarə ilə xeyriyyəçilər arasında andlaşma imzalanıb.
“Bundan öncə cari günəş ilində qəzvinli xeyriyyəçilər məktəb tikintisi üçün daha 40 milyard tümən vəsait ödəyiblər. Başladılan tikinti işlərinin 70%-i həyata keçirilib”-deyə, Cavanbəxt bildirib.
Qeyd edək ki, son illər İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.
Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.
