Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərində ağır iş qəzası baş verib.

Bədbəxt hadisə nəticəsində 4 işçi həyatını itirib.
Bu barədə Qərbi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin başçısı Baqir Bəhrami məlumat yayıb. Onun verdiyi məlumata görə, hadisə noyabrın 5-i, axşam saatlarında tikinti işçiləri tikinti liftindən yıxılması nəticəsində baş verib.
Onun sözlərinə görə, işçilərdən biri hadisə yerindəcə dünyasını dəyişib, başqa 3 işçinin isə xəstəxanaya çatdırıldıqdan sonra ağır bədən xəsarətlərinə görə həyatlarını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.
Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.
Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.