Azərbaycanın güneyi Ocan (Bostanabad) şəhərinin fərmandarı Əbülfəz Paşayi mediaya verdiyi açıqlamada Qurugöldə ekoloji problemin davam etdiyini söyləyib.
Təbriz Turan TV xəbər verir ki, o hal-hazırda Qurugöldə 1 milyon 100 min litr su olduğunu bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 500 min litr azaldığını deyib.
“Qurugölün illik su həcmi 3 milyon 800 min kubmetrdən artıqdır.
Ancaq bunun cəmi 2 milyon kubmetri gölə buraxılır və yerdə qalan su hədərə gedir. Bu, qanunsuz tikintilər və quyular gölün qurumasına səbəb olur”-deyə, fərmandar bildirib.
Bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizə İdarəsinin başçısı Həsən Abbasnejad da Qurugölün milli və beynəlxalq siyahıya salınmış təbiət abidəsi kimi bütünlüklə məhv olmaq üzrə olduğu barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.
200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.