Təbriz Turan TV xəbər verir ki ,Rusiyanın “Zenit” komandasının hücumçusu “Traxtur” komandasının hazırkı durumundan təəssüfləndiyini deyib.
Türkmən futbolçu İran yığma komandasının oyunçusu və hazırda Rusiyanın “Zenit” komandasının hücumçusu kimi çıxış edən Sərdar Azmun Təbrizin “Traxtur” futbol komandasının hazırkı durumundan təəssüfləndiyini deyib.
Sosial media hesabında özünün fanatları ilə danışığı zamanı tanınmış futbolçu “Traxtur” komandasının yenidən əzəmətli günlərinə qayıdacağını arzulayıb.
“Bir daha bildirirəm ki, mən “Traxtur” komandasının aşiqi, fanatıyam. Açıqcası mən əvvəllər “Traxtur”çu deyildim. Ancaq sonradan bu komandanın tərəfdarlarının coşqusu və komandalarına dəstək forması məni cəzb etdi”-deyə, ulduz futbolçu canlı yayında bildirib.
O, “Traxtur”la Tehranın “Perspolis” komandaları arasında keçirilən və Təbriz komandasının 2-1 hesablı məlubiyyəti ilə nəticələnən oyundan sonra “Traxtur” fanatlarından birinin sarsıntıdan dünyasını dəyişdiyinə toxunub və komanda tərəfdarlarına baş sağlıı verib.
““İstiqlal” və “Perspolis”də yaxşı komandadırlar. Ancaq heç bir komanda mənim üçün “Traxtur” ola bilməz”-deyə, Sərdar Azmun vurğulayıb.
Qeyd edək ki, “Sport Exspress” nəşrinin illik rəy sorğusunun nəticələrinə görə, İranda, Günbəd-Kavusda anadan olan və hal-hazırda Rusiya Federasiyasının “Zenit” futbol komandasının hücumçusu kimi çıxış edən Sərdar Azmun Rusiyada ilin ən yaxşı futbolçusu olaraq seçilib.
26 yaşlı Sərdar Azmun Güney Azərbaycanda və İranda xüsusilə türklər arasında ən çox bəyənilən futbolçulardan biridir.