Şərqi Azərbaycan valisi Abdin Xurrəm bərpa işlərində vəsait çatışmazlığı olduğunu və cari ilin dövlət büdcəsindən Urmu gölünün bərpa layihəsinə vəsait ayrılmadığını deyib.
O, bir sıra layihəkərin hazır olmasına baxmayaraq, onlardan istifadəyə başlanılmadığını və bunun araşdırılmasına ehtiyac olduğunu söyləyib.
Vali eyni halda bir sıra işlərin görüldüyünü, ancaq yağıntıların az olması və quraqlıq səbəbindən Urmu gölündə suyun həcmində artım müşahidə olunmadığını qeyd edib.
“Qarşıdakı günəş ilinin dövlət büdcəsindən Urmu gölünün bərpa layihələrinə heç bir vəsait ayrılmayıb.
Əyalətin Planlaşdırma və İdarəetmə Təşkilatı bununla bağlı iş görməli, bərpa işləri ilə bağlı ödənilməyən vəsaitlərin əldə edilməsinə çalışmalıdır” –deyə, Abdin Xurrəm bərpa işləri üçün nəzərdə tutulan öncəki illərdəki vəsaitlərində ödənilmədiyini bildirib.
Qeyd edək ki, hökumətin bir sıra layihələri həyata keçirmək iddialarına baxmayaraq Urmu gölündə quruma prosesi davam edir.
Hal-hazırda göldə suyun həcmi bu günə kimi ən aşağı səviyyəyə, 1.8 milyard kubmetrə çatıb və bu ekoloqların ciddi narahatlığına səbəb olub.
Məsələ ilıə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.
