Zəngan Əyalət Şurasının başçısı bölgə mədənlərinin gəlirindən yerli əhaliyə heç pay ayrılmadığını deyib.
Zəngan Əyalət Şurasının başçısı İskəndər Abidini Sənaye, Mədən və Ticarət Təşkilatının başçısının iştirakı ilə keçirilən toplantıda bölgə mədənlərinin gəlirlərindən yerli əhaliyə heç bir pay ayrılmadığını deyib.
“Mahnişan şəhərinin çevrəsində 48 mədən istismar olunur. Qanuna görə əldə edilən gəlirdən bölgənin ətraf mühitinin dağıdılması qarşılığında 1% yerli xəzinəyə ödənilməli olduğu halda bu günə kimi bu məqsədlə bircə qıran belə ödənilməyib”-deyə, Abidini mədənlərin fəaliyyətinin yerli əhaliyə ancaq ətraf mühitin məhvi və yolların dağıdılması ziyanlarını verdiyini bildirib.
O, “Tuzlu” qızıl mədəni və “Qalacıq” mədənlərinin qeyri-standart fəaliyyətlərinə toxunaraq, Mahnişan bölgəsində yaşayan kəndlilərin ən azı üçdə birinin ətraf mühitin məhvi və bölgənin çirkləndirilməsi səbəbindən xəsarət aldıqlarını qeyd edib.
“Kürsüf və Söhrəvərd şəhərləri tarixi və təbii potensiallarına görə turizm cəlbində əhəmiyyətli rol oynaya biləcəkləri halda mədənçilərin hücumlarına məruz qalıblar. Bu bölgələrdə kənd təsərrüfatı ilə məşğul olan əhalinin bağ və əkin sahələri mədənlərin qaydasız istismarı nəticəsində aradan gedib”-deyə, Əyalət Şurasının başçısı bölgə əhalisinin acınacaqlı durumda olduqlarına işarə edib.
Qeyd edək ki, Azərbaycanın Zəngan əyaləti bir çox mədənlərlə, o cümlədən qızıl, qurquşun və sink mədənləri ilə məşhurdur.
Zənganın “Ənquran” qurquşun və sink mədəni Orta Doğunun bu qəbildən olan ən böyük mədənləri sayılır və 70 ildən çoxdur ki, buradan istixrac olunan faydalı qazıntılar İranın mərkəzi əyalətlərinə daşınır.
Bundan öncə Mahnişan şəhərinin keçmiş bələdiyyə başçısı Mənsur Məlikinəjad, Zəngan mədənlərinin talanmasına, bunun yerli əhaliyə heç bir xeyrinin olmamasına etiraz etmişdir.
“Bölgə dünyanın yeddinci, Orta Doğunun isə birinci ən böyük qurquşun və sink mədənlərinə malik olmasına baxmayaraq, buradan əldə edilən gəlirlər Kirman və İsfahan şəhərlərinin bələdiyyələrinin xəzinəsinə axıdılır. Mahnişan əhalisinin başı isə yenədə papaqsız qalır”-deyə, Məlikinəjad zənganlıların öz sərvətlərindən pay əldə edə bilmədiklərinə etirazını bildirmişdir.