Yanvarın 19-da Tehran-Zəngan yolunda təhlükəsizlik məmurlarının hərəkətdə olan minik avtomobilinə atəş açması nəticəsində öldürülən 8 yaşlı güneyli qızın atası həbs olunub.
Təbriz Turan TV xəbər verir ki, bu barədə müstəqil insan haqları təşkilatları məlumat yayıb.
8 yaşlı qızın atası Kamal Pələnginin həbsinin xəbərin ictimailəşdirilməsi ilə əlaqəli olduğu bildirilir.
Qeyd olunur ki, təhlükəsizlik məmurları qətlə yetirilən uşağın ailəsinə məsələnin ictimailəşdirilməməsi ilə bağlı təzyiqlər göstərib.
Hətta onlara yas mərasimi keçirməyə imkan verilməyib.
Qeyd edək ki, İran hökumətinin təhlükəsizlik məmurları yanvarın 19-da Güney Azərbaycanın Zəngan şəhərində “Pejo 405” markalı minik avtomobilinə atəş açaraq 8 yaşlı azərbaycanlı qız Məzgin Pələngini öldürüblər.
Sosial media fəalları və insan haqları təşkilatlarının verdiyi məlumata görə, qanlı hadisə zamanı onun 16 yaşlı bacısı ağır yaralanıb.
Məlumatda bildirilir ki, azərbaycanlı ailə Qərbi Azərbayacan əyalətinin Makı şəhərinin Molla Həsən kəndindəndirlər.
Ana, iki qızı və oğlu Tehran şəhərində yaşayan qohumlarının görüşünə gedirmiş./GünAz.TV/